Ölkə başçısının "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi" haqqında fərmanının icrası ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə sosial kampaniyalar keçirilir, vətəndaşlara yaşadıqları ünvanlarında qeydiyyat xidməti göstərilir.
"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyasının növbəti ünvanı Nizami rayonu Məmmədəli Şərifli küçəsində yerləşən çoxmənzilli binadır. Sakinlər səyyar avtobuslara yaxınlaşaraq, sənədlərini təqdim etməklə, ən geci 15 iş günü ərzində çıxarışlarını ala bilirlər.
Kampaniya çərçivəsində 12 mərtəbəli, 460 mənzilli binanın sakinlərindən ilkin sənədlər toplandı. Onlar mənzillərinə çıxarış almaq üçün maliyyə arayışını, şəxsiyyət vəsiqələrini, protokoldan çıxarışlarını təqdim etdilər.
Mənzil sahiblərinə çıxarışlar kağız formasında deyil, elektron şəkildə verilir. Bu barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və ya elektron poçt ünvanına göndərilir. Məlumat mesajına sənədləri çap etmək üçün link də əlavə edilir.
İndiyədək sistemə Mənzil Tikinti Kooperativlərindən 148 qəbul aktı daxil olub. Tezliklə istismarına icazə verilən digər binalarda da "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası həyata keçiriləcək.